Davranış Kodeksi
| Code of Conduct for Wikimedia Technical Spaces |
|---|
| Principles |
| Report a problem |
| Handling cases |
| Committee (members) |
| Amendments |
| FAQ |
This page documents a community policy for Wikimedia technical spaces. |
Bu, Vikimedia texniki məkanları üçün davranış kodeksidir. Bu, həm Wikimedia texniki tədbirləri və digər tədbirlərdə keçirilən Vikimedia texniki təqdimatları kimi fiziki məkanlara, həm də virtual məkanlara (MediaWiki.org, wikitech.wikimedia.org, Phabricator, Gerrit Code Review, texniki poçt siyahıları, texniki IRC kanalları, Etherpad və Vikimedia Fondu tərəfindən idarə olunan tərtibat yönümlü digər məkanlar) şamil olunur.
Prinsiplər
Açıq və hər kəs üçün xoş mühitə malik icmanın formalaşdırılması məqsədilə, cinsindən, cinsi kimliyindən və ya orientasiyasından, əlilliyindən, neyroatipikliyindən, fiziki görünüşündən, bədən ölçüsündən, irqindən, etnik mənsubiyyətindən, milli mənşəyindən, yaşından, siyasi mənsubiyyətindən və ya dinindən asılı olmayaraq, hər kəs üçün Vikimedia texniki layihələrində iştirakı hörmətə əsaslanan və qısnamadan azad bir təcrübəyə çevirməyə sadiqik.
Texniki bacarıqlar və icmadakı status hörmət görmək hüququ və başqalarına hörmət etmək öhdəliyi baxımından heç bir fərq yaratmır. İcmamıza yeni qoşulanlar və icmamızda təcrübəsi az olan digər istifadəçilər xoş münasibətə və konstruktiv rəylərə layiqdirlər. Çoxsaylı töhfələr və texniki təcrübə daha aşağı davranış standartlarına bəraət qazandırmır.
Qəbul edilməyən davranış
Qısnama və digər qeyri-münasib davranış növləri Vikimedia ilə əlaqəli bütün açıq və qapalı texniki məkanlarda yolverilməzdir. Nümunələrə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
- Şəxsi hücumlar, zorakılıq, zorakılıq hədələri, hüquqi tədbirlərlə bağlı hədələr və ya qəsdən qorxutma.
- Təhqiredici, alçaldıcı və ya ayrı-seçkilik xarakterli şərhlər.
- Cinsi məzmunlu ifadə və ya təsvirlərdən yersiz və ya mövzuya aid olmayan şəkildə istifadə.
- Uyğunsuz və ya arzuolunmaz diqqət, toxunma və ya fiziki təmas (cinsi xarakterli və ya digər).
- Uyğunsuz və ya arzuolunmaz açıq və ya şəxsi ünsiyyət, izləmə və ya hər hansı formada təqib.
- Arzuolunmaz fotoşəkil çəkilməsi və ya səs və ya video yazısının aparılması.
- Şəxsin razılığı olmadan onun kimliyinin və ya digər şəxsi məlumatlarının açıqlanması. Müəyyən identifikasiyaedici məlumatların açıqlanması digər identifikasiyaedici məlumatların açıqlanmasına razılıq verilməsi demək deyil.
- Şəxsi yazışmaların uyğunsuz və ya arzuolunmaz şəkildə dərc edilməsi. Təqib hallarını bildirmək (burada izah edildiyi kimi) və/və ya qanun pozuntularını ifşa etmək məqsədilə şəxsi yazışmaların və ya şəxsiyyəti müəyyən edən məlumatların dərc edilməsi və ya bildirilməsi məqbuldur.
- Davamlı pozuntu, müzakirələrin kəsilməsi və ya icma əməkdaşlığının qarşısının alınması (yəni, trolluq) kimi üsullarla müzakirəyə və ya icmaya zərər vurmaq.
- Ayrı-seçkilik, xüsusilə də marjinallaşdırılmış və digər səbəblərdən lazımi səviyyədə təmsil olunmayan qruplara qarşı. Belə qruplara yönəlmiş təbliğat və cəlbetmə fəaliyyətlərinə icazə verilir və bunlar təşviq olunur.
- Davranış kodeksi sistemindən kodeksin həqiqi pozuntularını bildirməkdən başqa məqsədlər üçün istifadə etmək (məsələn, şikayətçinin və ya zərərçəkmişin cavabının təqib olduğunu iddia edərək şikayət verməklə ondan qisas almaq).
- Komitə tərəfindən qəbul edilmiş qərardan yayınmağa cəhd etmək, məsələn, Komitənin müəyyən müddətə blokladığı şəxsin blokunu həmin müddət ərzində açmaq.
Problemi bildirmək
- Zərər vurmaqla bağlı hədələr və digər təcili vəziyyətlərdə, əvvəlcə müvafiq orqanlara məlumat verin (mümkündürsə) və emergency
wikimedia.org vasitəsilə Vikimedia Fonduna e-poçt göndərin (ətraflı məlumat).
Qəbuledilməz davranışla qarşılaşan və ya belə davranışın şahidi olan şəxslərə aşağıdakı addımlardan hər hansı birini atmaq tövsiyə olunur:
- Qəbuledilməz davranış sərgiləyən şəxsdən bunu dayandırmasını tələb edin. Onun diqqətini bu Davranış Kodeksinə yönəldin.
- Əgər tədbirdəsinizsə, problem barədə tədbirin təşkilatçılarına və ya təyin edilmiş əlaqələndirici şəxsə məlumat verin.
- Problem barədə techconduct
wikimedia.org vasitəsilə birbaşa Davranış Kodeksi Komitəsinə məlumat verin. Hadisə barədə başqa yerdə məlumat vermisinizsə, lakin cavab sizi qane etməyibsə, Komitəyə də şikayət göndərə bilərsiniz.
Şikayətlər link əlavə edilmiş qısa bildiriş şəklində ola bilər, lakin daha ətraflı məlumat baş verənləri anlamağımıza kömək edəcək. Aşağıdakı məlumatları daxil edə bilərsiniz:
- Kimliyinizi açıqlamaq istəyirsinizsə, əlaqə məlumatlarınız (məsələn, Vikimedia və Phabricator istifadəçi adlarınız).
- Hadisə barədə sizin təsviriniz:
- Hadisənin baş verdiyi yer və vaxt.
- Qəbuledilməz davranışın təsviri.
- Hadisədə kimlərin iştirak etdiyi və hadisəni kimin gördüyü.
- Hadisənin davam edib-etmədiyi.
- Problemi tam anlamağımıza kömək edəcək hər hansı əlavə məlumat, məsələn, əvvəlki hadisələr və ya xüsusi hallar.
- Hadisə ilə bağlı ictimaiyyətə açıq qeydlərə keçidlər, əgər varsa.
- Baş verənləri dəqiq göstərən ekran görüntüləri.
Şikayətlər məxfi qaydada araşdırılır. Ətraflı məlumat üçün Məxfilik səhifəsinə baxın.
Komitəyə göndərilən şikayətlərin necə araşdırıldığını öyrənmək üçün Davranış Kodeksi/İşlər səhifəsinə keçin.
Atribusiya və təkrar istifadə
Bu Davranış Kodeksi Contributor Covenant (49054013-ci versiya), jQuery Davranış Kodeksi (91777886-ci versiya), Açıq Davranış Kodeksi (v1.0) və Vətəndaş Davranış Kodeksi, eləcə də Vikimedia Fondunun tədbirləri üçün Səmimi mühit Siyasəti əsasında uyğunlaşdırılmışdır.
Contributor Covenant və jQuery Davranış Kodeksindən götürülmüş mətn MIT Lisenziyası əsasında istifadə olunur (Contributor Covenant artıq lisenziyasını CC BY 4.0-a dəyişib). Açıq Davranış Kodeksindən götürülmüş mətn Creative Commons Müəllifliyin Göstərilməsi lisenziyası əsasında istifadə olunur. Citizen Davranış Kodeksindən götürülmüş mətn Creative Commons Eyni Şərtlərlə Paylaşma və Müəllifliyin Göstərilməsi lisenziyası əsasında istifadə olunur. Ümumi mətn MediaWiki.org standart lisenziyası (CC BY-SA 4.0) əsasında yayımlanır.
Biz bir-birimizin töhfələrini və hər bir iştirakçının texniki məkanlarımızı hamı üçün dostluq mühitinə çevirmək öhdəliyini yüksək qiymətləndiririk. Digər layihələri Vikimedia texniki infrastrukturundan istifadə edib-etməmələrindən asılı olmayaraq, bu davranış kodeksini qəbul etməyə və öz ehtiyaclarına uyğunlaşdırmağa təşviq edirik.
Həmçinin bax
- Code of Conduct/FAQ
- Bug management/Phabricator etiquette
- m:Harassment policies
- wmf:Friendly Space Policy for Wikimedia Foundation Events and m:Grants:Friendly space expectations
- wmf:Terms of Use#4. Refraining from Certain Activities
- m:Mailing lists/Guidelines
- m:Community Capacity Development/Conflict management
- Code of Conduct policy for all Wikimedia Foundation staff and members of its Board of Trustees
- Expected behavior
- m:Wikimedia community code of conduct, related links
- Public meeting notes related to the CoC
- Tenure in April 2018 - Resolution regarding CoC presence on MediaWiki